DEKABR
AYININ “ULDUZ” u
"Ulduz"
jurnalının dekabr sayı işıq üzü görüb. İlin son sayı İlham Əzizin özüylə
söhbəti və "Priçuda" hekayəsi
ilə açılır. "Şeir saatı"nda
Günay Nərimanın, Əlizadə Nurinin, Tural Turanın, İradə Aytelin, Xosrov
Natilin və Təranə Dəmirin şeirləri yer alıb.
Şəfa
Vəli "Dramaturgiyamızın banisi" başlıqlı müsahibəsində böyük ədib
M.F.Axundovun Şəkidəki ev-muzeyinin
əməkdaşı Sevda Rəhimova ilə həmsöhbət olub. Vaqif Yusiflinin "Əlli beş yaşlı
"Ulduz"umuz" sərlövhəli yazısında jurnalın tarixinə nəzər yetirilir, dərginin 55 illik yubileyinə həsr edilmiş sentyabr-oktyabr
sayında yer alan nostalji yazıların təhlili aparılır.
"Ulduz"
jurnalı və Türkiyənin "Genc yürekler" ədəbiyyat dərgisinin ortaq layihə-rubrikasında Yusif Alper Oyarın "Ağ kölgə"
hekayəsi, eləcə də Muhterem Şahinin "Gəncliyə müraciət", Edip Aykut
Çiçəklinin "Mübarək əbədiyyət" esseləri təqdim olunub.
Ay
Bəniz Əliyarın "Qayıdan torpaqlar,
qayıtmayan oğullar" poeması Vətən müharibəsi qəhrəmanı, şəhid Xəyal
Həsənova ithaf edilib.
"Tərcümə
saatı"nda Afaq Şıxlının tərcüməsində vyetnamlı şair və nasir May Van Fanın şeirlərinə, Məlahət
Qənbərovanın tərcüməsində isə Qırğızıstanın Xalq yazıçısı Mar Bayciyevin
"Mənim qızıl balığım" hekayələrinə yer verilib.
Gənc
alim və şair Tural Adışirinin "Dörd gərək, dörd dörd gərək, bir dörd
gərək" yazısı özündə sufi, hürufi təliminin say və hərf simvolikasını ehtiva edir.
"Nəsr"
rubrikasının əsasını Aygün Yaşarın "Yurdçu", Zaur Ərmuğanın
"Simic" hekayələri təşkil edir. Qərib Mehdi “"İşıq"dan
işığa" daxili monoloqunda "Ulduz" jurnalı ilə bağlı
xatirələrini bölüşür, dərginin 55 illik yubileyi münasibətilə təbriklərini
ünvanlayır.
"Debüt"də
Seyfəddin Hüseynlinin təqdimatında gənc şairə Əfsanə Rəhimlinin şeirləri dərc
edilib.
Filologiya
üzrə fəlsəfə doktoru Adilə Nəzərin "Anarın hekayə sənəti" yazısında –
adından da göründüyü kimi – Xalq yazıçısı Anarın hekayələri təhlil edilir.
Yazıçı, jurnalist Maya İmranın "Şəhid eşqi" reportaj-hekayəsində
2022-ci ilin sentyabrında düşmən təxribatının qarşısını alarkən qəhrəmancasına
şəhid olmuş Səbuhi Əhmədovun dəfn mərasimində yaşananlar qələmə alınıb.
Oxucular f.e.d. Cəlal Məmmədovun təqdim
etdiyi "Qısa fikirlər xəzinəsi" rubrikasında Ceyms Coysun, Tomas
Eliotun, Oldos Hakslinin, Elias Kanettinin, Jan Bodriyarın, Xorxe Luis
Borxesin, Çarlz Bukovskinin və Tomas Cefersonun
müdrik fikirləriylə tanış olmaq
imkanı əldə edəcəklər.
Nəhayət,
"Dərgidə kitab" da şair Faiq Hüseynbəylinin şeirləri,
"Sərgi"də isə rəssam Nərmin Quluzadənin rəsmləri yer alıb.
*
"Ulduz" jurnalı — Azərbaycanda nəşr olunan populyar bədii
jurnallardan biri. Dil: Azərbaycan dili. Format: A4. Tiraj: 300. Təsis tarixi 1967.
Qərargah: Azərbaycan, Bakı şəhəri.