Vyetnamlı May Van Fanın Azərbaycanda ilk kitabının təqdimatı keçirilib - Ganire Pashayeva
Vyetnamlı
May Van Fanın Azərbaycanda ilk kitabının təqdimatı keçirilib
Ganire
Pashayeva
Ganire
Pashayeva
MM Mədəniyyət komitəsinin
dəstəyi ilə görkəmli Vyetnam şairi və yazıçısı May Van Fanın Azərbaycanda ilk
kitabının təqdimatı keçirilib.
Milli Məclisin Mədəniyyət
Komitəsinin sədri Qənirə Paşayeva görkəmli Vyetnam şairi, yazıçı və tərcüməçi
May Van Fanın Azərbaycanda ilk şeirlər kitabının təqdimatında geniş çıxış edib,
May Van Fanı Azərbayacana səfərə dəvət edib, habelə Azərbaycan-Vyetnam
ədəbi-mədəni əlaqələrini daha da genişləndirmək üçün peşəkar tərcüməçilərin
yetişdirilməsi zərurətini vurğulayıb.
Onlayn təqdimatın
aparıcısı, Milli Məclisin Mədəniyyət Komitəsinin eksperti, Beynəlxalq “Alaş”
Ədəbiyyat Mükafatı laureatı Əkbər Qoşalı, əsərləri bir çox dillərə tərcümə
olunmuş görkəmli Vyetnam şairi May Van Fanın bu günlərdə Azərbaycanda gün üzü
görmüş “Gün doğarkən” adlı şeirlər kitabının məziyyətlərindən danışıb. O,
Vyetnamlı şairin Azərbaycanda ilk kitabı olan “Gün doğarkən”in ilk təqdimatının
Milli Məclisinin Mədəniyyət Komitəsi, “Avrasiya Beynəlxalq Araşdırmalar
İnstitutu” İctimai Birliyi, ADPU-nun Quba filialının birgə təşkilatçılığı ilə
baş tutduğunu bildirib.
Azərbaycan Respublikası
Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva təqdimatdakı
çıxışında Azərbaycanla Vyetnam arasında ənənəvi dostluq münasibətlərinin
qurulmasında və inkişafında vaxtilə, Vyetnam Prezidenti Ho Şi Minin Azərbaycana
(1959) və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Sovet
İttifaqının rəhbərlərindən biri olduğu dövrdə Vyetnama (1983) səfərinin xüsusi
önəm kəsb etdiyini vurğulayıb. Həmin səfərlərin iki xalq arasında tarixi və
mədəni əlaqələrin önəmli səhifəsini yaratdığını qeyd edən Q.Paşayeva Sovet
dönəmində yüzlərlə vyetnamlı tələbənin Azərbaycanın ali təhsil ocaqlarında
oxuduğunu, onların çoxunun hazırda Vyetnamın dövlət və hökumət strukturlarında
müxtəlif vəzifələrində çalışdığını da bu dostluğun bəhrəsi kimi dəyərləndirib.
Azərbaycan Respublikası
ilə Vyetnam Sosialist Respublikası arasında diplomatik münasibətlərin 23
sentyabr 1992-ci ildə qurulduğunu, 2013-cü ildən Azərbaycanın Vyetnamda
səfirliyinin fəaliyyət göstərdiyini xatırladan Q.Paşayeva, bunun iki ölkə arasındakı diplomatik
münasibətlərin irəliləyişinə səbəb olduğunu bildirib. Azərbaycan Prezidenti
İlham Əliyevin Vyetnama dövlət səfərinin (18-19 may 2014-cü il), Vyetnamın (o
vaxtkı) Prezidenti Truong Tan Sangın Azərbaycana rəsmi səfərinin (13-15 may
2015-ci il) Azərbaycan–Vyetnam əlaqələrinin tarixində yeni səhəfələr açdığını,
eləcə də mədəniyyət sahəsində əməkdaşlığa ciddi töhfələr verdiyini vurğulayıb.
Hər iki ölkənin müvafiq
nazirlikləri və digər qurumları arasında birbaşa əlaqələrin qurulmasını qeyd
edən millət vəkili, Vyetnam Milli Assambleyasında Vyetnam-Azərbaycan
parlamentlərarası dostluq qrupu, Azərbaycan Respublikasının Milli Məclisində
Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Hanoy şəhərində
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyası, habelə Azərbaycan Elmi, Mədəniyyəti
və Tarixi Araşdırmaları Mərkəzinin yaradılmasını yüksək qiymətləndirib.
Vyetnamda bir neçə dəfə
səfərdə olan Q.Paşayeva ölkənin rəsmi şəxsləri ilə yanaşı tanınmış QHT və KİV
rəhbərləri, aydınlar, yazarlar, mədəniyyət işçiləri və incəsənət xadimləri ilə
görüşləri zamanı qarşılıqlı əlaqələrin genişlənməsi üçün yeni ideyalar və
təşəbbüslər meydana çıxdığını, həmin ideya və təşəbbüslərin bu gün
gerçəkləşməsini sevindirici hal kimi dəyərləndirib. Kitabın layihə rəhbəri kimi
görkəmli Vyetnam şairi May Van Fanın şeirlərinin Azərbaycan dilinə tərcüməsini,
Azərbaycanda ilk dəfə kitab şəklində nəşr olunmasını xalqlarımız arasındakı
dostluq tellərinin bariz örnəyi kimi vurğulayıb.
May Van Fanın
yaradıcılığının Vyetnam mədəni-mənəvi iqlimini gözəl şəkildə əks etdirdiyini
qeyd edən Q.Paşayeva görkəmli Vyetnam şairinin ölkəmizə münasibətində əsil
ziyalı kimi dürüst mövqe tutduğunu bildirib: “May Van Fan məhz o vicdanlı
şairlərdəndir ki, 44 günlük müharibə vaxtı Azərbaycanın haqlı davasına mənəvi
dəstək nümayiş etdirmişdir. Qardaş Özbəkistanın nüfuzlu “Kitab dünyası”
qəzetinin baş redaktoru, dəyərli bacım Xasiyyət Rüstəmin təşəbbüsü ilə
(müharibənin gedişində) hazırlanmış müvafiq Bəyanata imza atmış tanınmış
şairlərdən biri də May Van Fan idi”. Komitə sədri May Van Fanın “Gün doğarkən”
adlı şeirlər kitabının Azərbaycan-Vyetnam mədəni əlaqələrinin ən yeni tarixində
elə məhz Gün kimi doğacağına inamını ifadə edərək, Vyetnamlı şairi Azərbaycana
– Qarabağa, Şuşaya dəvət edib.
May Van Fanın “Gün
doğarkən” kitabındakı şeirlərin tərcüməçisi, AYB Moskva bölməsinin katibi,
DGTYB Məsləhət Şurasının üzvü, şair-tərcüməçi Afaq Şıxlı da, şöhrətilə öz
ölkəsinin hüdudlarını aşıb keçmiş çağdaş Vyetnam şairi və nasiri May Vay Fan
yaradıcılığını yüksək qiymətləndirərək, onun ictimai xadim kimi də daim
obyektiv mövqeyi ilə fərqləndiyini vurğulayıb. II Qarabağ savaşı zamanı
Azərbaycanı dəstəkləmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevə
müraciətlə yazılan məktubda onun da imzası olduğunu minnətdarlıqla vurğulayıb.
O, May Van Fanın da imzaladığı Bəyanatdan misal gətirib: “Biz – şairlər və
yazıçılar müharibələrə qarşı olsaq da, sizin fərqli durumunuz hər birimizi
düşünməyə vadar edir. Siz kiminsə torpaqlarını zəbt etmirsiniz. Siz öz
ölkənizdə, öz torpaqlarınızı azad etmək üçün döyüşürsünüz. Həqiqətsevər
siyasətçilərin də dediyi kimi, Sizin başqa çıxış yolunuz yoxdur. Bilirik ki,
Azərbaycanın və Azərbaycan xalqının gələcəyi naminə bu addımı atmalı idiniz.
Biz Sizi və Sizin xeyirxah xalqınızı ürəkdən dəstəkləyirik”! Şairin əsərlərinin
dünyanın 40-a yaxın dilinə (o cümlədən: rus, ingilis, fransız, belorus,
italyan, ispan və s.) tərcümə edildiyini qeyd edən Afaq Şıxlı, May Van Fanın
şeirlərində Vyetnam xalqı ilə yanaşı, bütün insanlığa ünvanlanmış ismarıclar
olduğunu bildirib.
Millət vəkilləri –
Azərbaycan-Vyetnam parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əli
Məsimli, həmin işçi qrupunun üzvü İltizam Yusifov Azərbaycan-Vyetnam
əlaqələrinin yeni istiqamətdə inkişaf yolunda parlamentlərarası, habelə mədəni
əlaqələrin özünəməxsus yeri, rolu haqqında danışıblar. Millət vəkilləri May Van
Fanın “Gün doğarkən” kitabının nəşrini qarşılıqlı mədəni, ədəbi əlaqələrdə
önəmli hadisə kimi dəyərləndiriblər. Millət vəkilləri Vyetnamlı şairin alovlu
bir vətənpərvər olmaqla yanaşı, dünyaya sevgi dolu şeirlərlə müraciət etdiyini,
əsərlərindəki milli özünəməxsusluğun cazibəsi ilə beynəlxalq aləmdə tanınınb
sevildiyini vurğulayıblar.
Beynəlxalq Avrasiya
Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu Vyetnamlı bir gənc qızın Avrasiya
Mətbuat Fondunda təcrübə keçdiyi vaxt Qarabağ torpaqlarına səfər edərkən
köçkünlərlə görüşdə necə təsirləndiyini xatırlayıb, yol boyu kədərli
düşüncələrə qərq olaraq onların taleyini düşündüyünü bildirib. U.Rəhimoğlu bu
hadisənin Vyetnam xalqı ilə Azərbaycan xalqı arasındakı munis ünsiyyətin bir
örnəyi kimi dəyərli olduğunu vurğulayıb, şairlərimizin yaradıcılığında belə
munis ünsiyyətlərin öz ədəbi-bədii inkasını tapmasının vacibliyindən bəhs edib.
Şair May Van Fan çıxışında
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayevaya kitabın layihə
rəhbəri kimi təşəkkürünü bildirərək, Qənirə xanımın adı və xidmətləri haqqında
çox eşitdiyini vurğulayıb. Vyetnamlı şair Azərbaycanla ədəbi əlaqələrinin
gerçəkləşməsində şair-yazarlar Əkbər Qoşalı, Afaq Şıxlı və Təranə Turan Rəhimli
ilə yaradıcılıq ünsiyyətinin önəmli nəticələrindən də bəhs edib. Görkəmli
Vyetnam şairi kitabının nəşrində və təqdimatında əməyi keçən hər kəsə dərin
minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən
Vyetnamlı ziyalılar – Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri,
Elm və Texnologiya nazirinin keçmiş müavini, Vyetnam Milli Assambleyasının
keçmiş üzvü Nghiem Vu Khai, şair-tərcüməçi, Rusiya Federasiyası Elmlər
Akademiyasının əməkdaşı Dr. Nguyen Quoc Hunq görkəmli şair May Van Fanın “Gün
doğarkən” kitabının nəşrini Azərbaycan-Vyetnam əlaqələrinə dəyərli töhfə kimi
dəyərləndirib, bu ədəbi əlaqələrin gələcəkdə daha da genişlənməsi haqqında
arzularını dilə gətiriblər. May Van Fanın öz ölkəsinin çox sevilən şairi kimi Azərbaycanda
da tanınmasından, oxunmasından fərəh duyduqlarını vurğulayıblar.
Vyetnam-Azərbaycan Dostluq Assosiasiyasının fəxri sədri Nghiem Vu Khai Sovet
dövründə Azərbaycanda ali təhsil aldığını, o vaxtdan Azərbaycan xalqına böyük
sevgilərlə bağlandığını qədirşünaslıqla söyləyib.
DGTYB Məsələhət Şurasının
üzvü, ədəbiyyatşünas, şair-tərcüməçi Dos.Dr. Təranə Turan Rəhimli Vyetnam şairi
May Van Fanla qarşılıqlı yaradıcılıq əlaqələrinin töhfələr verdiyini
vurğulayıb. Vaxtı ilə şairin 10 şeirini Azərbaycan dilinə çevirən Təranə Turan
Rəhimli, bu şeirlərin Azərbaycan, Vyetnam və Belçika mətbuatında nəşr
edildiyini bildirib. May Van Fan poeziyasında Vyetnam təbiətinin və əməksevər
insanının dolğun panoramını görən Təranə Turan bu gözəl şeirləri Azərbaycan
oxucularının maraqla oxuyacağına və Vyetnamla ədəbi əlaqələrimizin daha da
inkişaf edəcəyinə inamını ifadə edib. Əli Kərim adına Poeziya evinin direktoru,
şair - tərcüməçi İbrahim İlyaslı, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə”
İB sədri Arzu Bağırova, ADPU Quba filialıın əməkdaşı Səmayə xanım Hacıyeva
çıxış edərək May Van Fanı “Gün doğarkən” kitabının nəşri münasibətilə ürəkdən
təbrik edib, şairə yeni yaradıcılıq uğurları arzulayıb.
Tədbirin sonunda təşəkkür
sözü ilə çıxış edən May Van Fan təqdimatda iştirak edən ziyalılara və kitabın
nəşr olunmasında əməyi keçənlərə bir daha öz
minnətdarlığını bildirib.
Onlayn təqdimatın
aparıcısı Ə.Qoşalı təqdimatda iştirak edən Azərbaycanın Vyetnamdakı
Səfirliyinin müşaviri Aygün Səmədova, Hanoydakı Azərbaycan Elmi, Mədəniyyəti və
Tarixini Araşdırmalar Mərkəzinin direktoru direktoru Dr. Dao Xuan Tien, Qardaş
Özbəkistanın nüfuzlu “Kitab Dünyası” qəzetinin baş redaktoru Xasiyyat Rüstəm,
DGTYB başqanı İntiqam Yaşar və Mədəniyyət Nazirliyi İctimai Şurasının sədr
müavini Şahin Qədirliyə təşəkkür edib.
Sonda, onlayn təqdimatın
təşəbbüskarı Q.Paşayeva bağlanış sözü sözləyib, “Gün doğarkən”in gələcəkdə
Vyetnamda və Azərbaycanda geniş, canlı təqdimatlarında görüşmək arzusunu
bildirib.
(Mənbə: Zərifə BƏŞİRQIZI,“Xalq qəzeti”)